Yaxın vaxtlarda hesabına Bakı Beynəlxalq Dəniz Limanının ötürücülük qabiliyyəti 150 min TEU-dan 260 min TEU-ya çatdırılacaq.
"Report" xəbər verir ki, Bakı Limanının mülkiyyətçisi olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Limanda dibdərinləşdirmə işləri görüləcək, yeni avadanlıqlar alınacaq.
Bundan başqa, ADY rəsmisi deyib ki, təmsil etdiyi qurum infrastrukturunu genişləndirir, xüsusilə əsas dəmir yolları təkmilləşdirilir, yeni lokomotivlər və vaqonlar alınır.
Səhmdar cəmiyyətinə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov isə qeyd edib ki, dibdərinləşdirmə işlərinə yayda başlanacaq: "Bununla bağlı tender prosedurlarına start verilib, təkliflər toplanılır. Bu prosesin yaxın ay yarım ərzində başa çatdırılması nəzərdə tutulur. Düşünürəm ki, yay aylarının sonuna artıq əməli fəaliyyət başlayacaq və əsaslı dibdərinləşdirmə işləri olacaq. Yanaşma kanalının dərinləşdirilməsi, manevr hövzəsi və körpünün ətrafındakı ərazilərin dibdərinləşdirmə fəaliyyəti nəzərdə tutulur".
Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ADY-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.