Tacikistan və Çin şirkətləri Tacikistana 8 milyard dollardan çox investisiya cəlb etməyə yönəlmiş 50-dən çox əməkdaşlıq sənədi imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tacikistan Prezidenti Emoməli Rəhmon Pekində Çin şirkətlərinin rəhbərləri və nümayəndələri ilə görüşüb. O, əlverişli investisiya mühitini, kapitalın qorunması sahəsindəki islahatları və biznes üçün yeni imkanları qeyd edərək ölkənin iqtisadi potensialını investorlara təqdim edib.
Rəhmon bildirib ki, Tacikistan iqtisadiyyatına Çin sərmayələrinin həcmi demək olar ki, 6 milyard dollara çatıb, bunun da təxminən 3,5 milyard dolları birbaşa investisiyalardır.
Həmçinin qeyd edilib ki, ölkədə təxminən 13 milyard dollar dəyərində 300-dən çox dövlət investisiya layihəsi həyata keçirilir və Tacikistanda Çin kapitalı olan 700-dən çox şirkət fəaliyyət göstərir.
Əməkdaşlığın prioritet istiqamətləri arasında energetika, faydalı qazıntıların hasilatı və emalı, sənaye, kənd təsərrüfatı, logistika, rəqəmsallaşma, süni intellekt və "yaşıl" iqtisadiyyatın inkişafı sadalanıb.