Məşhur ulduz Cennifer Lopez, Ben Affleck ilə ayrıldıqdan sonra Beverli-Hillzdə yerləşən dəbdəbəli malikanəsini yenidən satışa çıxarıb. 68 milyon dollara satışa təqdim olunan, lakin alıcı tapmayan lüks mülkün qiyməti rekord endirimlə 49,9 milyon dollara (təxminən 84 milyon 830 min manat) qədər endirilib.
Lent.az xarici mediayta istinadla xəbər verir ki, məşhur cütlük sözügedən malikanəni 2023-cü ilin may ayında təxminən 60,9 milyon dollara satın almışdı.
Münasibətlərinin bitməsindən sonra ev əvvəlcə 68 milyon dollara satışa çıxarılsa da, aylarla alıcı tapılmadığı üçün qiymət mərhələli şəkildə aşağı salınıb. Əvvəlcə 59,9 milyon dollara, daha sonra isə 52 milyon dollara endirilən mülkün son satış qiyməti 49,9 milyon dollar olaraq müəyyən edilib.
Qeyd edək ki, Ben Affleck ötən ilin aprel ayında malikanə üzərindəki bütün hüquqlarını heç bir ödəniş tələb etmədən tam şəkildə Cennifer Lopezə təhvil verib. Bundan sonra satış prosesini təkbaşına idarə etməyə başlayan Lopez elan məlumatlarını yeniləyərək evi yenidən bazara çıxarıb.
Əmlakda 12 yataq otağı və 24 hamam otağı mövcuddur. Bundan əlavə, qapalı basketbol və pickleball meydançaları, tam təchizatlı idman zalı, boks rinqi, tennis kortu, möhtəşəm dağ mənzərəsi və yüksək səviyyəli təhlükəsizlik sistemi də yer alır.
Yeni yayımlanan elan fotolarında diqqət çəkən əsas məqamlardan biri isə malikanədəki şəxsi əşyaların demək olar ki, tamamilə yığışdırılması olub. Xüsusilə bir vaxtlar sosial mediada geniş müzakirə olunan nəhəng geyim otağının boş görüntüləri, cütlüyün bu evlə bağlı bütün xatirələri arxada qoyduğunu göstərib.
Cennifer Lopez evini satır
