Harvard Tibb Məktəbinin alimləri gənclər arasında xərçəng hallarının artdığını açıqlayıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, xərçəng artıq daha çox 50 yaşdan aşağı insanlarda diaqnoz olunur və bu tendensiya 1990-cı illərin əvvəllərindən etibarən güclənməkdə davam edir.
Mütəxəssislər həzm sistemi xəstəlikləri də daxil olmaqla 14 müxtəlif xərçəng növü üzrə məlumatları təhlil edərək belə nəticəyə gəliblər ki, hər yeni nəsil gənc yaşda onkoloji xəstəliklərlə qarşılaşmaq baxımından daha yüksək risk daşıyır.
Tədqiqatçıların sözlərinə görə, 1960-cı illərdə doğulan insanlar 1950-ci illərdə doğulanlarla müqayisədə 50 yaşdan əvvəl xərçəngə tutulmaq baxımından daha yüksək riskə malik olublar. Alimlər hesab edirlər ki, növbəti nəsillərdə bu göstərici daha da arta bilər.
Araşdırma müəllifləri xərçəng hallarının çoxalmasını həyat tərzi faktorları və erkən yaşlarda orqanizmdə baş verən dəyişikliklərlə əlaqələndirirlər. Xüsusi diqqət qidalanma vərdişləri və bağırsaq mikrobiomunun vəziyyətinə yönəldilib.
Alimlərin fikrincə, gündəlik qida rasionu bağırsaqdakı mikroorqanizmlərə birbaşa təsir edir və mikrobiomda baş verən dəyişikliklər onkoloji xəstəliklərin yaranma riskini artıra bilər.
Mütəxəssislər risk faktorları sırasında piylənmə hallarının artmasını, şəkərli içkilərin həddindən artıq istehlakını, az hərəkətli həyat tərzini və alkoqol istifadəsini də qeyd ediblər. Bundan əlavə, araşdırma göstərib ki, müasir uşaqlar əvvəlki nəsillərlə müqayisədə xeyli az yatırlar.
Alimlər vurğulayıblar ki, xəstəlik hallarının artmasının dəqiq səbəbləri hələ də əlavə araşdırmalar tələb edir. Bununla belə, tədqiqat erkən yaşlardan formalaşan vərdişlərin və həyat tərzinin gələcəkdə xərçəng riskinə ciddi təsir göstərdiyini ortaya qoyur.
xərçəng xəstəliyi