IMG-LOGO

ÇİN XİN: ABŞ-nin sanksiyaları Pekinin İranla bağlı mövqeyini dəyişməyəcək

11 May 2026 18:18 2 baxış
IMG

Çinin İranla bağlı mövqeyi aydın və dəyişməzdir, Pekin regional gərginliyin artmasına qarşıdır.

"Report" İran mediasına istinadən xəbər verir ki, bu, Çin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

Çin XİN Vaşinqtonun İranla əməkdaşlıq ittihamı ilə üç Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları pisləyib. "Bu "birtərəfli və qeyri-qanuni" tədbirlər Pekinin İranla bağlı mövqelərini dəyişməyəcək", - bəyanatda bildirilib.

Qeyd edək ki, ABŞ məhdudiyyətlərə məruz qoyduğu Çin şirkətlərini İrana peyk görüntüləri təqdim etməkdə və bu yolla hərbi əməliyyatlarda iştirakda ittiham edib. Pekin isə ittihamı rədd edir: "Bu, Vaşinqtonun təzyiq və sanksiyalar siyasətinin bir hissəsidir".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. İran buna cavab olaraq İsrail ərazisini raket zərbələrinə məruz qoyub və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlı olduğunu elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Hazırda ABŞ-nin sülh təklifi barədə müzakirələr davam edir və İran tərəfi Ağ Evin təqdim etdiyi mətnə cavabı danışıqlar prosesində vasitəçi olan Pakistana göndərib.

Xəbər lenti