Rusiyanın Sverdlovsk vilayət məhkəməsi “qanuni oğru” Georgi Akoyevin (Giya Sverdlovski) barəsində seçilmiş həbs qətimkan tədbirinin yüngülləşdirilməsi ilə bağlı müraciəti yenidən rədd edib.
Lent.az xəbər verir ki, ona qarşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaq) maddəsi ilə ittiham irəli sürülüb.
Georgi Akoyev 2025-ci ilin noyabrında saxlanılıb və həbs edilib. Həmin vaxt Verx-İsetski rayon məhkəməsi onu istintaq təcridxanasına göndərib və daha sonra həbs müddəti bir neçə dəfə uzadılıb.
İstintaq orqanlarının versiyasına görə, təqsirləndirilən şəxs “qanuni oğru” statusuna malikdir.
2008-ci ildə Lenin rayon məhkəməsi Georgi Akoyevi təşkilatçı qismində silahlı soyğunçuluğa görə 11 il azadlıqdan məhrum edib. İddialara görə, o, 2000-ci illərdə yerli sahibkarlardan birinə qarşı silahlı hücumu təşkil edib.
Cəzasını isə sərt rejimi ilə tanınan Polyarnaya Sova müəssisəsində çəkib.
Məhkəmədə çıxışı zamanı Giya Sverdlovski bildirib ki, onun kriminal aləmlə heç bir əlaqəsi yoxdur: “Mən artıq səkkiz ildir azadlıqdayam, heç kimə belə təqdim olunmamışam, heç bir cinayət birliyi yaratmamışam”.
Xatırladaq ki, 51 yaşlı Giya Sverdlovski Yekaterinburqda azərbaycanlı iş adamının 6 kiloqram qızılını alaraq onu böyük məbləğə, yəni 50 milyon rubla (təxminən 1 milyon 100 min manat) satacağını və əldə etdiyi pulu onunla bölüşəcəyini vəd etmişdi. İş adamı 6 kiloqram qızılı “qanuni oğruya” versə də, nə qızıl qaytarılıb, nə də pul.
Onu da qeyd edək ki, Sverdlovski "Ded Xasan"ın bacısı oğlu sayılır. O, dayısına görə Rövşən Lənkəranskini qan düşməni elan etmişdi.
Hadisələr kriminal xəbərlər oğru aləmi kriminal avtoritetlər qanuni oğru