IMG-LOGO

Xorvatiyada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

11 May 2026 16:28 4 baxış
IMG

Azərbaycanın Xorvatiyadakı Səfirliyi bu ölkənin Libertas Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib.

"Report"un Balkan bürosu xəbər verir ki, tədbirdə Universitetin rəhbər şəxsləri, professor-müəllim və tələbə heyəti, gənclər təşkilatının nümayəndələri iştirak edib.

Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında danışıb.

Səfir Ulu Öndərin müdrik siyasəti və dönməz əqidəsi sayəsində Azərbaycanın milli dövlətçilik ideyasının formalaşdığını, onun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldiyini, cəsarəti və yenilməzliyi sayəsində Azərbaycan dövlətini vətəndaş qarşıdurmasından xilas etdiyini, yorulmaz fəaliyyəti və səyləri nəticəsində ölkənin böyük uğurlar əldə edərək bu günkü inkişafa nail olduğunu qeyd edib.

Səfir, eyni zamanda Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanın sabitlik və inkişaf dövrünə qədəm qoyduğunu, ölkə üçün həyati əhəmiyyət kəsb edən ciddi siyasi və iqtisadi islahatların həyata keçirilməsinə başlanıldığını, müstəqilliyin onun sayəsində əbədi və dönməz xarakter aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan diplomat, ölkənin müasir dövrdə əldə etdiyi çoxsaylı uğurlar və nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Səfir Azərbaycanın müasir tarixində əsas hadisə olan 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini, 2023-cü ilin sentyabrında isə antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tamamilə bərpa edildiyini vurğulayıb.

A. İmanov, həmçinin Azərbaycan-Xorvatiya münasibətlərinə də toxunub, iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.

Səfir hər iki xalqın 90-cı illərin əvvəllərində oxşar tarixi hadisələrdən keçdiyini, təcavüz və işğalla üzləşdiyini, aparılan uzunmüddətli mübarizədən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etdiklərini bildirib. Tədbir çərçivəsində iştirakçılarının suallarını cavablandıran səfir, Azərbaycan tarixi və bugünkü reallıqları haqqında geniş məlumat verib.

Tədbirdə, həmçinin Ulu Öndərin həyatı və fəaliyyəti haqqında fototəqdimat, Azərbaycanın tarixi və bugünkü reallıqları haqqında qısametrajlı film nümayiş etdirilib. Tədbirin sonunda Universitetin kitabxanasına, habelə fakültənin müəllim və tələbələrinə Azərbaycanla bağlı ingilis və xorvat dillərində dərc edilmiş kitab və jurnallar hədiyyə edilib.

Xəbər lenti