Bosniya və Herseqovina elektrik enerjisi idxal edir və bu, həm vətəndaşların, həm də iqtisadiyyatın təminatı baxımından yeni məsuliyyətlər yaradır.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Bosniya və Herseqovinanın energetika, mədən sənayesi və sənaye naziri Vedran Lakiç Belqrad Enerji Forumunda "Cənub-Şərqi Avropada enerji keçidinin təmin edilməsi: əməkdaşlıq, dayanıqlılıq, liderlik" mövzulu panel sessiyasında deyib.
"Düşünmürəm ki, son 10–15 ildə düzgün strategiya tam şəkildə tətbiq olunub, amma xüsusilə son 2–3 ildə baş verənlər, doğrudan da, ciddi problemlər yaradıb. Hazırda Bosniya və Herseqovinada enerji istehsalının təxminən 60–70%-i kömür və ənənəvi mənbələrdən gəlir. Bir neçə onillik əvvəl qurulan mədənlər və istilik elektrik stansiyaları hələ də enerji istehsalının əsasını təşkil edir",-deyə nazir əlavə edib.
O diqqətə çatdırıb ki, digər tərəfdən isə 30-40%-ə qədər bərpa olunan enerji potensialı mövcuddur və bu, əsasən, ölkənin müxtəlif bölgələrində yerləşir: "Bu məqam əvvəllər enerji sisteminin sabitliyini təmin edirdi. Son 2–3 ildə isə günəş və külək elektrik stansiyalarının sayı əhəmiyyətli dərəcədə artıb. Amma bəzi tərəflərin vəziyyəti bir az daha çətinləşdirmək, əməkdaşlığı mürəkkəbləşdirmək və ümumi faydalı prosesləri ləngitmək kimi niyyətləri də görünür ki, bu addımlar prosesə mənfi təsir göstərir".