Belarus Universal Əmtəə Birjası İrandan metal məhsullarının tranzitinin təşkili üçün Azərbaycanı tərəfdaş kimi nəzərdən keçirir.
"Report" xəbər verir ki, bunu Birjanın Xarici İqtisadi Fəaliyyət İdarəsinin rəisi Yaroslav Kovalçuk Bakıda keçirilən "Bizneslə açıq dialoq" mövzusunda seminarda çıxışı zamanı deyib.
"Hazırda ticarət fəaliyyətimizin əsas istiqamətləri taxta-şalban və metal məhsullarıdır. Qeyd etmək lazımdır ki, metalı xaricdən alırıq. Metal məhsullarının, o cümlədən İran metalının tədarükündə maraqlıyıq. Azərbaycanın İranla möhkəm əlaqələrini nəzərə alaraq, sizin ölkəni İran metalının Belarus bazarına tranzitinin təmin edilməsi üçün perspektivli tərəfdaş hesab edirik", - Y.Kovalçuk bildirib.
Onun sözlərinə görə, Belarusda hazır məhsul istehsalı yaxşı inkişaf etsə də, xammal bazası yoxdur - nə qara, nə də əlvan metallar var: "Hazırda satınalmaların əsas həcmi Rusiyanın payına düşür, lakin biz strateji olaraq tədarükçülərin dairəsini genişləndirmək niyyətindəyik".
Mənbə: report.az