IMG-LOGO

Zaur Qurbanov: "Texnologiya ilə insan resursları arasında balans qorunmalıdır"

08 May 2026 11:53 31 baxış
IMG

Maliyyə cinayətləri və komplayens sahəsində risklərin idarə olunmasında texnologiya ilə insan resursları arasında balans qorunmalıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Azərbaycanda ilk Risk və Dayanıqlılıq Konfransı" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, risk hər bir biznesin ayrılmaz hissəsidir və əsas məsələ həmin risklərin hansı səviyyədə idarə olunmasıdır: "Biz çox vaxt düşünürük ki, ən bahalı sistemi və ya ən müasir süni intellekt proqramını qurmaqla bütün problemləri həll edəcəyik. Amma proqram sadəcə alətdir. Həlledici rol onu kimin və necə idarə etməsindədir. Monitorinq sistemlərinin effektivliyi birbaşa məlumatların keyfiyyətindən asılıdır. Əgər sistemə daxil olan məlumatlar yanlış və ya natamamdırsa, sistemin çıxardığı nəticə də yanlış olacaq".

O bildirib ki, monitorinq sistemlərində ssenarilər düzgün tənzimlənmədikdə çoxsaylı "false positive" – yalançı həyəcan siqnalları yaranır və real risklərin aşkarlanması çətinləşir.

Z.Qurbanov komplayens mütəxəssislərinin davamlı şəkildə təlim keçməsinin vacibliyini də qeyd edib: "Texnologiya inkişaf etdikcə, cinayətkar qrupların üsulları da mürəkkəbləşir. Buna görə də mütəxəssislər daim biliklərini yeniləməlidirlər. Hər bir təşkilat öz risk iştahasını müəyyən etməlidir. Biz bütün riskləri tam qadağan edə bilmərik. Çünki bu, biznesin inkişafını dayandıra bilər. Risklər elə idarə olunmalıdır ki, təşkilatın dayanıqlılığına və reputasiyasına zərər vurmasın".

Onun sözlərinə görə, Avropa Şurasının MONEYVAL Komitəsinin Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartlarına uyğunlaşma yalnız öhdəlik deyil, həm də beynəlxalq bazarlara çıxış və şəffaflıq baxımından vacib imkandır: "Risklərin idarə olunması birdəfəlik proses deyil. Bu, davamlı şəkildə təkmilləşdirilməli olan idarəetmə dövriyyəsidir".

Mənbə: report.az

Xəbər lenti