ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İraqın neft nazirinin müavini Əli Məaric Əl-Bəhadliyə (Ali Maarij Al-Bahadly) qarşı sanksiyaların tətbiq edildiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.
ABŞ tərəfinin versiyasına görə, qərar Əl-Bəhadlinin İranın və İraqda onunla əlaqəli silahlı qruplaşmaların maraqları naminə satış üçün neftin yönləndirilməsinə köməklik göstərərək öz vəzifəsindən sui-istifadə etməsi ilə əlaqədar qəbul edilib.
OFAC, həmçinin iranyönümlü "Kətaib Seyyid əş-Şühəda" və "Əsaib Əhl əl-Həqq" qruplaşmalarının üç yüksəkvəzifəli liderinə qarşı sanksiyalar tətbiq edib.
Bəyanatda qeyd edilib ki, ABŞ bundan sonra da İraqdakı bu və digər iranyönümlü qruplaşmaları, o cümlədən "Kətaib Hizbullah"ı ölkə ərazisində ABŞ personalına, mülki şəxslərə, diplomatik obyektlərə və müəssisələrə edilən hücumlara görə məsuliyyətə cəlb etmək niyyətindədir.
Maliyyə Nazirliyi bildirib ki, ABŞ-nin sanksiyalar siyahısına, həmçinin Əl-Bəhadilinin sahib olduğu və ya nəzarət etdiyi 4 neft şirkəti daxil edilib - "Gulf Energy Oil Services Limited" , "Gulf General Contracting Limited" , "Iraq International Energy for the Import and Sale for Petroleum Products Limited" və "Gulf Energy for General Transport and Marine Services and Real Estate Consultancy LLC".