IMG-LOGO

İlk Azərbaycan Kubokunun qalibi Məmmədəli Məmmədov: "Titulu qazanmağa layiq idik"

07 May 2026 13:16 2 baxış
IMG

1992-ci ildə ilk Azərbaycan Kubokunun qalibi olan "İnşaatçı" titulu qazanmağa layiq idi.

"Report" xəbər verir ki, bu barədə həmin vaxt komandanın baş məşqçisi olmuş Məmmədəli Məmmədov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində deyib.

Mütəxəssis turnirin ilk final matçı ilə bağlı bir çox maraqlı məqamlara toxunub:

"1992-ci ildən danışırıqsa, həmin il bizim üçün tarixi alınmışdı. Komandamızda ulduz futbolçu yox idi. Kollektiv oyun nümayiş etdirərək gücümüzü göstərməyə çalışırdıq. Kubok qazanmağa layiq komanda idik".

M.Məmmədov final matçı öncəsi klub rəhbəri ilə olan maraqlı dialoqlarından, eyni zamanda kubokdakı rəqibləri barədə də söz açıb:

"Sponsorumuz olan evtikmə kombinatının rəhbəri oyundan iki gün əvvəl keçirilən iclasda bizə yaxşı vəd verdi. Bildirdi ki, kuboku qazanacağınız təqdirdə komandanın üzvlərindən birinə ikiotaqlı ev, digərlərinə pul mükafatı verəcək. Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq. 1/4 finalda rəqibimiz "Neftçi" idi. Futbolçularıma demişdim ki, "Neftçi"ni keçəcəyiksə, deməli, kuboku özümüz qazanacağıq. 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazandıq. Burada rəqibimiz "Neftçi" ilə bərabər gücə sahib olan "Xəzər" (Sumqayıt) komandası idi. Oyunsonrası penaltilər seriyasında qalib olduq və finala çıxdıq. Finalda "Kür" (Mingəçevir) komandasını məğlub edərək şərəfli tarix yazdıq".

O, 1992-ci ildə ölkədə müharibə vəziyyəti olduğunu sözlərinə əlavə edib:

"Komandalar bir-birinə anlayışla yanaşırdılar və kömək edirdilər. Kuboku qazandıqdan bir müddət sonra Tovuza oyuna getmişdik. Bizi təntənəli şəkildə, gül dəstələri ilə qarşıladılar. Unudulmaz hisslər idi. Bəzi oyunçularımızı itirdiyimizə görə məyus idik. Ancaq adımızı tarixə yazdırdığımıza görə mövsüm yaddaqalan alındı. Hər il kubokun finalı keçiriləndə, şərhçilər "İnşaatçı" komandasının adını çəkəndə kövrəlirəm. O komanda indi mövcud olmasa da, qəlbimizdə hələ də yaşayır".

Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Xəbər lenti