IMG-LOGO

“Qəfildən çığırtı gəldi, baxdım ortalıq qan gölünə döndü” - "Ay Beauty" İŞİ

07 May 2026 12:29 2 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Ş.V təqsirləndirən şəxsi tanımadığını bildirib:

"Mən nə Samiri, nə də Cahanı əvvəllər tanımırdım. Aytac rəfiqəmdir, Cahan xanımla bir yerdə gözəllik salonunda çalışırdılar. Hadisə baş verən gün ora müştəri kimi getmişdim. Qəfildən çığırtı səsi gəldi, salonda hamı bir-birinə dəydi. Bir də baxdım ortalıq qan gölünə döndü. Aytac yerdə uzanaqlı qalan qızı - Cahan xanımı tutmuşdu, axan qanı saxlamağa çalışırdı. Gördüm ki, Aytacın qorxudan əl-ayağı əsir, qaçıb dəsmal gətirdim, ona kömək elədim. Yaralı qadını xəstəxanaya çatdırdıq.

Mən Samirin gəldiyini görməmişdim. Cahan maşında "Uşaqlarım, uşaqlarım" -deyib dururdu. Maşını Aytac sürürdü, Cahanın atası da maşında bizimlə idi".

Şahid N. N zərərçəkən C. Çələbiyevanın çalışdığı obyektin sahibi olduğunu deyib:

"Hadisə günü mən əvvəldən orada olmamışam, sonradan gəlmişdim. İçəri girəndə gördüm ətraf qan içindədir, hamı bir-birinə qarışıb. Samir sonra zəng etdi ki "Orada vəziyyət necədir? Hələ ölmədi o? O qədər də vurmuşam onu, hələ də sağdır?" -soruşanda əsəbiləşib onu acıladım. "Təcili yardım"ı mən  çağırdım. Gecikdiyini, Cahanın vəziyyətinin pisləşdiyini görüb öz maşınımı verdim. Samiri obyektin ətrafında bir neçə dəfə görmüşdüm, tanış olmuşduq. Bir neçə dəfə onların davasına şahid olandan sonra bir böyük kimi ikisini də çağırdım yanıma. Samiri danladım. Cahana da xəbərdarlıq etdim ki "Əgər bir də belə hal yaşansa, səni işdən çıxaracağam".  Samir təsadüfən  bir dəfə yanıma gəlmişdi. Söhbət əsnasında dedi ki, "Mən sadəcə Cahanı qorxutmaq istəyirəm. İki uşağı var, ona zərər vermək istəmərəm". Bir dəfə də mən Samirin əlində mismar gördüm, dedi ki, "Bu mismarla o qadının gözlərini çıxaracam".

Təqsirləndirilən Samir Həsənov "İstəyirdim ki, hər dəfə güzgüyə baxanda, kor gözünü görüb məni xatırlasın" dedi.

Növbəti proses 14 may saat 15:00-a təyin olunub.

Xatırladaq ki, hadisə ötən ilin noyabr ayında baş verib. Belə ki, Samir  Həsənov münasibətdə olduğu Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisələrə görə onu dəfələrlə döyərək, müxtəlif bədən xəsarətləri yetirib. C. Çələbiyeva bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edərək S. Həsənovun həbs edilməsinə nail olub. Samir Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində Cahan Çələbiyevanın lazeroloq olaraq  çalışdığı  Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ay Beauty" gözəllik salonuna gələrək,  kəsici-deşici alətlə Çələbiyevayanın döş qəfəsi, boyun, sifət və digər nahiyələrinə müxtəlif zərbələr vurub. Ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılan Cahan Çələbiyevanın həyatını xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi açılıb, Samir Həsənov Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə məsuliyyətə cəlb olunub.

Hadisələr kriminal xəbərlər

Xəbər lenti