Venesuela 1966-cı il Cenevrə sazişini Qayana-Essekibo bölgəsi ilə bağlı ərazi mübahisəsinin həlli üçün əsas hüquqi əsas hesab edir.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bunu Haaqa Beynəlxalq Ədalət Məhkəməsində Qayana işi üzrə keçirilən iclasda ölkə nümayəndə heyətinə rəhbərlik edən Venesuela xarici işlər naziri İvan Hil Pinto bildirib.
Nazirin sözlərinə görə, Karakas üçüncü tərəfləri cəlb etmədən tərəflər arasında birbaşa dialoq yolu ilə həll yolu tapmağın tərəfdarıdır. O, Venesuelanın suverenlik və dinc diplomatiya prinsiplərinə sadiq qaldığını və 1966-cı ildə imzalanmış Cenevrə sazişinin müddəalarını dəstəkləmək niyyətində olduğunu vurğulayıb.
Pinto qeyd edib ki, Venesuela Beynəlxalq Ədalət Məhkəməsinin bu ərazi mübahisəsində iştirakını tanımır. O, Qayanın mövqeyinin tarixi şəraiti təhrif etməyə və mübahisəli ərazinin müstəmləkə tərəfindən ələ keçirilməsini qanuniləşdirməyə yönəldiyini iddia edib.
Nazir həmçinin Qayana hökumətinin 4 mayda Venesuela sərhədində baş verən və Corctauna görə, bir Qayana əsgərinin yaralanması ilə nəticələnən hadisə ilə bağlı iddiasını rədd edib.
Hil Pinto bu iddiaları "uydurma" adlandırıb və bildirib ki, bu cür ifadələr Qayana-Essekibo mübahisəsi ilə bağlı beynəlxalq məhkəmə prosesləri fonunda ortaya çıxır.