IMG-LOGO

IsDB: Qarabağ suvarma kanalının maliyyələşdirilməsinə dair sazişin iyunda imzalanması planlaşdırılır

06 May 2026 19:09 3 baxış
IMG

Qarabağ suvarma kanalı layihəsinin maliyyələşdirilməsinə dair sazişin iyun ayında Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik İclasları zamanı imzalanması planlaşdırılır.

Bu barədə "Report"a müsahibəsində IsDB Qrupunun prezidenti Məhəmməd Əl-Casir bildirib.

Onun sözlərinə görə, Qarabağ suvarma kanalı layihəsi 2026-cı ilin fevralında IsDB-nin Direktorlar Şurası tərəfindən təsdiqlənmiş 436,67 milyon ABŞ dolları məbləğində bir əməliyyatdır və bank tərəfindən indiyədək Azərbaycan üçün təsdiqlənmiş ən böyük layihələrdən biridir.

"Biz maliyyələşdirmə barədə sazişin imzalanmasından başlayaraq operativ şəkildə icra mərhələsinə keçmək niyyətindəyik. Yeri gəlmişkən, sazişin gələn ay Bakıda keçiriləcək İllik iclaslar zamanı imzalanması planlaşdırılır", - o deyib.

M. Əl-Casir vurğulayıb ki, layihə Qarabağ regionunda kənd təsərrüfatının bərpasını dəstəkləmək və ərzaq təhlükəsizliyini təmin etmək üçün suvarma infrastrukturunun yaradılmasına yönəlib və IsDB-nin sözügedən bölgədəki əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına sadiqliyinin mühüm bir siqnalıdır.

IsDB prezidenti həmçinin qeyd edib ki, su təhlükəsizliyi və iqlim dayanıqlılığı bir-biri ilə sıx bağlıdır. Bu kontekstdə o, 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzalanmış razılaşma əsasında 96,73 milyon ABŞ dolları məbləğində maliyyələşdirilmiş "Qız Qalası" su anbarından əsas suvarma kanalının layihəsini xatırladıb.

"Hazırda layihə icra mərhələsindədir və su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və fermer icmalarının dəstəklənməsinə yönəlib. Hər iki layihə - "Qız Qalası" su anbarından çəkilən kanal və Qarabağ suvarma kanalı - kənd təsərrüfatının inkişafına, əhalinin gəlir mənbələrinin dəstəklənməsinə kömək edir və eyni zamanda iqlim çağırışlarına qarşı dayanıqlılığı artırır", - o əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti