ABŞ Prezidenti Donald Tramp Ağ Evin şərq tərəfindəki Bal zalının tikinti dəyərinin ilkin qiymətləndirmələrlə müqayisədə iki dəfə artdığını bildirib.
"Report" xəbər verir ki, o, bu barədə "Truth Social"da məlumat verib.
"İlkin xərc 200 milyon dollar idi. Ən yüksək standartlara uyğun həyata keçirilən layihənin dəyəri 400 milyon dollardan az olacaq. O, möhtəşəm, təhlükəsiz və etibarlı olacaq!", - D.Tramp yazıb.
O qeyd edib ki, Ağ Evin Bal zalı iqamətgahın şərq tərəfində "sürətlə tikilir".
Bildirilib ki, layihə keyfiyyətinə görə ilkin variantı əhəmiyyətli dərəcədə üstələyir. Onun sözlərinə görə, ilkin təklif zəruri tədbirlərin, görüşlərin və hətta gələcək inauqurasiyaların keçirilməsi üçün kifayət qədər imkanlar təmin etməyəcəkdi.
"Bu, zəruri bir dəyişiklik idi, o, çoxdan qəbul edilmişdi, lakin saxta KİV-lər vəziyyəti vəsaitlərin artıq xərclənməsi kimi təqdim etməyə çalışaraq bu barədə məlumat vermədilər. Əslində layihə büdcə çərçivəsində həyata keçirilir!", - o əlavə edib.