Norveç hökuməti ABŞ silahlarının satın alınması mexanizmi olan PURL (Prioritised Ukraine Requirements List) vasitəsilə Ukraynaya 2,8 milyard kron (təxminən 174,4 milyon dollar) ayırdığını elan edib.
"Report" xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb.
Norveç Nazirlər Kabinetinin başçısı Jonas Qar Störe bildirib ki, ölkəsi Avropadakı tərəfdaşları ilə birlikdə Ukraynanın müdafiəsinə dəstək üçün ABŞ-nin hərbi yardım paketlərini maliyyələşdirir.
"İndi biz daha bir mühüm yardım paketini dəstəkləyirik. Ümid edirəm ki, daha çox Avropa ölkəsi son dərəcə vacib hərbi avadanlıqların Ukraynaya sürətli çatdırılması səylərinə qoşulacaq", - o qeyd edib.
Yeni yardım məbləği nəzərə alınmaqla Norveçin PURL mexanizmi vasitəsilə ayırdığı vəsaitlərin ümumi məbləği 12,5 milyard kronu ötüb.
Vəsaitin ayrılması barədə qərar bu gün səhər Ukraynanın müdafiə naziri Mixail Fyodorovun Norveçə səfəri ilə əlaqədar elan edilib.