IMG-LOGO

İnmin Yan: "PAGI 2035-ci ilədək Asiya-Sakit okean regionunda 20 QVt-a qədər "yaşıl güc" təmin edəcək"

06 May 2026 13:25 4 baxış
IMG

"Panasiya Enerji Sistemi" (PAGI) təşəbbüsü Asiya-Sakit okean regionunda 20 QVt-a qədər bərpa olunan enerji gücünü yaratmağa imkan verəcək.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnmin Yan ADB Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən regional qarşılıqlı əlaqələr üzrə seminarda bildirib.

Onun sözlərinə görə, PAGI çərçivəsində transsərhəd enerji infrastrukturunun inkişafı üçün 2035-ci ilədək 50 milyard ABŞ dollarına qədər vəsaitin cəlb edilməsi planlaşdırılır. Söhbət elektrik verilişi xətlərinin, yarımstansiyaların, enerji toplama sistemlərinin tikintisindən, həmçinin enerji şəbəkələrinin rəqəmsallaşdırılmasından gedir.

Təşəbbüs həmçinin "yaşıl enerji" ixracı, regional enerji hablarının yaradılması və elektrik enerjisinin generasiyası ilə saxlanmasını birləşdirən hibrid obyektlərin inkişafı daxil olmaqla, generasiya layihələrini əhatə edir.

"ADB 2035-ci ilə qədər təxminən 20 QVt bərpa olunan enerji gücünün transsərhəd inteqrasiyasını təmin etməyi nəzərdə tutur. Bundan əlavə, siyasi dialoqa və standartların işlənib hazırlanmasına yardım etmək məqsədilə 10 milyon ABŞ dolları həcmində texniki yardım proqramı işə salınacaq", - İ.Yan qeyd edib.

O əlavə edib ki, qlobal miqyasda bərpa olunan enerji mənbələrinin sürətli inkişafına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və enerji sistemlərinin dayanıqlığının artırılmasına ehtiyac var.

Xəbər lenti