"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus Bakı Beynəlxalq Dəniz Limanının ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması istiqamətində genişləndirmə işləri aparılır.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakı Ekspo Mərkəzində keçirilən "Aqro-Ərzaq Sistemlərinin Qarşılıqlı Əlaqəsində Logistikanın rolu: Marşrutlar dəhlizlər və onların təhlükəsizliyi- Xalqların rifahına aparan yol" adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, Bakı Limanı Xəzər dənizində mühüm multimodal logistika mərkəzi kimi fəaliyyət göstərir: "Hazırda liman illik 15 milyon ton yükötürmə gücünə malikdir. Azərbaycanın tranzit potensialının gücləndirilməsi və Orta Dəhlizin inkişafı çərçivəsində limanın imkanlarının artırılması əsas prioritetlərdən biridir".