IMG-LOGO

Özbəkistanlı nazir: "Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndiriləcək"

06 May 2026 11:54 2 baxış
IMG

Özbəkistan Azərbaycanla kənd təsərrüfatı və logistika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bunu Özbəkistanın kənd təsərrüfatı naziri İbrohim Abdurahmonov bu gün Bakı Ekspo Mərkəzində "Caspian Agro Week" çərçivəsində keçirilən "İqlim, İqtisadi və Təhlükəsizlik Çağırışları kontekstində ərzaq təhlükəsizliyi: Regional perspektivlərin fərqli və oxşar cəhətləri" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi və logistika problemlərinin həlli baxımından regional əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır: "Özbəkistan ikiqat quru ilə əhatə olunmuş ölkədir. Buna görə Azərbaycan, Türkiyə və Gürcüstanla müzakirələr bizim üçün çox vacibdir. Yeni nəqliyyat marşrutları yaratmalı və bu istiqamətdə əməkdaşlığı gücləndirməliyik".

İ.Abdurahmonov qeyd edib ki, iqlim dəyişiklikləri, geosiyasi risklər və logistika problemləri kənd təsərrüfatı sektoruna ciddi təsir göstərir: "Özbəkistanda kənd təsərrüfatı istehsalının ümumi dəyəri ötən il təxminən 40 milyard ABŞ dolları olub və yaxın illərdə bu göstəricinin 60 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Ölkədə pambıq əkin sahələrinin azaldılması, ərzaq məhsullarının istehsalının artırılması və suya qənaət edən texnologiyaların tətbiqi istiqamətində geniş islahatlar həyata keçirilir".

Xəbər lenti