Aqroparklar ixracın uzunmüddətli dəyər zəncirini yaratma potensialını artırır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.
O, aqroparkların kiçik istehsalçılar üçün vahid mərkəzə çevrilməsinin vacibliyini vurğulayıb: "Aqroparklar kiçik istehsalçıların məhsulunu toplayan, mərkəzləşdirilmiş keyfiyyət və sertifikasiya infrastrukturunu təqdim edən, beynəlxalq investor və texnologiya tərəfdaşlarını cəlb edən qurum kimi formalaşmalıdır. Bu çərçivədə özəl operator modelinin və birgə maliyyələşmə mexanizmlərinin tətbiqi büdcə yükünün azalmasından yanaşı, kommersiya səmərəliliyini də təmin edə bilər".
Nazir müavini beynəlxalq standartlara uyğunlaşma və proaktiv sertifikatlaşdırma prosesinin əhəmiyyətinə diqqət çəkib: "Biz bu sahədə hədəf bazarlarının ticarət müqavilələrinin imzalanmasını gözləmədən akkreditasiyalı laboratoriyaların, fitosanitar nəzarət və beynəlxalq sertifikasiya infrastrukturunun əvvəlcədən formalaşdırmalıyıq. Avropa Birliyi, Körfəz ölkələri, Çin, Cənub-Şərqi Asiya bazarlarının hər biri üçün konkret məhsul-bazar uyğunlaşması strategiyası lazımdır".
A.Bayramov həmçinin qeyd edib ki, "Made in Azerbaijan" brendinin təşviqi və ixrac xərclərinin kompensasiyası yeni bazarlara çıxışı sürətləndirəcək: "Brendin nar, fındıq, şərab kimi sübut olunmuş məhsullar üzərindən strateji qurulması ixracın uzunmüddətli dəyər zəncirini yaratma potensialını artırır. İxrac daşıma xərclərinin dövlət büdcəsi hesabına kompensasiya edilməsi mexanizmi aqrar emal məhsullarının uzaq və qeyri-ənənəvi bazarlara çatdırılması rəqabətliliyini təmin edəcək".