IMG-LOGO

Məcnun Məmmədov: "Ötən il fermerlər 280 milyon manatdan çox əkin subsidiyası alıb"

06 May 2026 09:50 4 baxış
IMG

Azərbaycanda təkcə ötən il fermerlər 280 milyon manatdan çox əkin subsidiyası alıb.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, forumun "Caspian Agro Week" çərçivəsində keçirilməsinin xüsusi mahiyyəti var: "Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş "Caspian Agro" sərgisi bu il yeni konseptual yanaşma - "Caspian Agro Week" formatında təşkil olunur. Regionun ən nüfuzlu aqrar sərgilərindən biri olan "Caspian Agro Expo" kimi tanınan bu genişmiqyaslı platforma artıq yalnız texnologiyaların nümayişi deyil, həm də strateji dialoq və tərəfdaşlıq üçün mühüm beynəlxalq mərkəzə çevrilib. Fürsətdən istifadə edərək, bu gün keçirilən Forumun təşkilinə verdikləri dəstəyə görə Asiya İnkişaf Bankına və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) səmimi təşəkkürümü bildirirəm".

Nazir qeyd edib ki, forum milli aqro-ərzaq gündəliyinə həsr olunmaqla ərzaq təhlükəsizliyi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf kimi prioritet istiqamətlər üzrə birgə yanaşmaların müzakirəsi üçün yüksək səviyyəli platforma təqdim edir: "Bu gün burada dayanıqlı və rəqabətqabiliyyətli aqro-ərzaq sistemlərinin formalaşdırılması, rəqəmsal transformasiya və süni intellektin kənd təsərrüfatına inteqrasiyası, fermerlərin iqlimə davamlı təcrübələrə keçidinin sürətləndirilməsi, eləcə də investisiya və ixrac imkanlarının genişləndirilməsi kimi vacib məsələlər müzakirə ediləcək".

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və kənd təsərrüfatının strateji sektor kimi önə çəkilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Məhz bu siyasi iradə sayəsində aqrar sahəyə göstərilən diqqət bu gün real nəticələr, artan fermer məmnuniyyəti və dayanıqlı inkişafla öz təsdiqini tapır. Aqrobiznesin inkişafı ölkənin aqrar siyasətinin əsas sütunlarından biri olmaqla, davamlı iqtisadi artımın və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsində strateji rol oynayır. Bu istiqamətdə həyata keçirilən islahatlar və dəstək mexanizmləri artıq konkret nəticələr verməkdədir. Təkcə 2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, on minlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub. Eyni zamanda, güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerlərin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib", - deyə o əlavə edib.

M.Məmmədovun sözlərinə görə, kənd təsərrüfatında rəqəmsallaşma və innovasiyalar prioritet istiqamət kimi inkişaf etdirilir: "Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır. Əminəm ki, bugünkü Forum çərçivəində aparılan müzakirələr yeni tərəfdaşlıqların qurulmasına, effektiv siyasət həllərinin formalaşmasına və aqrobiznesin davamlı inkişafına töhfə verəcək".

Xəbər lenti