IMG-LOGO

Kubanın XİN rəhbəri ABŞ-ni neft təchizatçılarına təzyiq göstərməkdə təqsirləndirib

06 May 2026 08:39 3 baxış
IMG

Əvvəllər Kubaya neft çatdıran bütün təchizatçılar ABŞ tərəfindən azad ticarət prinsiplərinin pozuntuları ilə hədə-qorxu və təhdidlərə məruz qalırlar.

"Report"un məlumatına görə, Kuba xarici işlər naziri Bruno Rodriqes Parrilla bunu teleqram kanalında bildirib.

XİN başçısı həmçinin ABŞ-nin dövlət katibi Marko Rubionun Kubaya qarşı heç bir neft blokadasının olmadığı iddialarını yalan adlandırıb: "Dörd ay ərzində Kubaya yalnız bir yanacaq partiyası gəlib. Bütün təchizatçılarımız azad ticarət və naviqasiya azadlığı prinsipləri pozuntulatı ilə hədə-qorxu və təhdidlərə məruz qalırlar".

Rodriqes Parrilla həmçinin Rubionu məlumatları təhrif etməkdə ittiham edib.

"Bir neçə saat əvvəl dövlət katibi Kubaya qarşı heç bir neft blokadasının olmadığını bəyan etdi. O, sadəcə yalan danışmaq qərarına gəldi. O, Prezidentə və Ağ Evin mətbuat katibinə zidd gedir", - nazir qeyd edib.

Onun sözlərinə görə, 2026-cı ildə ABŞ Prezidenti Kubaya yanacaq ixrac edən ölkələrə tariflər, eləcə də enerji sektorunda ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələyən fərman imzalayıb.

"Dövlət katibi cinayətkar neft blokadasının Kuba xalqına vurduğu zərər və əzablardan yaxşı xəbərdardır", - Kubanın xarici işlər naziri əlavə edib.

Xəbər lenti