IMG-LOGO

AYNA: WUF13 zamanı 12 şəhərdaxili marşrut üzrə və 6 hava limanından daşımalar olacaq

05 May 2026 11:21 4 baxış
IMG

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı 12 şəhərdaxili marşrut üzrə və 6 hava limanından daşımalar həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu tədbir çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ictimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

Onun sözlərinə görə, daşımalar hava limanından "hab"lara (nəqliyyat mübadilə mərkəzlərinə) və eyni zamanda bu mərkəzlərdən tədbir məkanına doğru təşkil ediləcək: "​Daşımalarda ekoloji təmiz elektrik avtobuslarından istifadə olunacaq".

Bundan başqa, AYNA rəsmisi qeyd edib ki, WUF13 üçün müvəqqəti olaraq 4,5 km uzunluğunda əlavə xüsusi hərəkət zolaqlarının təşkilinə başlanılıb: "Bu zolaqlar müvafiq yol nişanları quraşdırıldıqdan sonra qüvvədə olacaq:. Nişanlar qoyulana qədər digər nəqliyyat vasitələri bu zolaqlara daxil ola bilər. ​Mövcud avtobus zolaqları şəbəkəsi 110 km-dən çoxdur və tədbir marşrutları bu zolaqlardan da istifadə edəcək. ​Yol nişanları təhlil olunub, zəruri əlavə nişanlar və nişanlanma xətləri təşkil edilib. ​Dayanacaq pavilyonlarının və nəqliyyat infrastruktur obyektlərinin vəziyyəti yoxlanılıb, hazır vəziyyətə gətirilib".

Onun sözlərinə görə, tədbir müddətində bəzi marşrutların hərəkət istiqaməti müvəqqəti dəyişdirilə bilər: "Dəyişiklik xüsusilə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi əməliyyatlarda istifadə ediləcəyi üçün mümkündür. Hava limanından daşımalara qırmızı rəngli taksilər cəlb olunacaq. ​Taksilərin Koroğlu Mübadilə Mərkəzi və Səttar Bəhlulzadə nəqliyyat zonasına daxil olması təmin ediləcək. Həm avtobus, həm də taksi sürücülərinin hazırlığı, təlimləri və təlimatlandırılması həyata keçirilib".

E.Məcidov əlavə edib ki, WUF13 zamanı ​skuterlərin icarəsi üçün xarici mobil nömrələrlə qeydiyyatdan keçmək imkanı yaradılıb: "Mikromobillik vasitələrinə əlçatanlığının artırılması istiqamətində tədbirlər görülüb. ​Skuter park yerlərinin gücləndirilməsi və şəbəkənin genişləndirilməsi təmin edilib".

Xəbər lenti