Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsinə dəstək davam edəcək.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılış mərasimində bildirib.
Onun sözlərinə görə, FAO kənd təsərrüfatının modernləşdirilməsi, innovasiyaların tətbiqi və iqlimə davamlı həllərin genişləndirilməsi istiqamətində Azərbaycana dəstəyini davam etdirəcək: "Məqsəd aqrar sektorun dayanıqlığını artırmaq, fermerlərin dəyişən iqlim şəraitinə uyğunlaşmasını təmin etmək və bu sahədə uzunmüddətli inkişafı dəstəkləməkdir".
O əlavə edib ki, 2026-cı ilin "Qadın fermerlər ili" elan olunması kənd təsərrüfatında qadınların rolunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
"Qadınların aqrar və qida sistemlərində iştirakı məhsuldarlığın yüksəldilməsinə, qidalanmanın yaxşılaşdırılmasına və sektorun dayanıqlığının gücləndirilməsinə töhfə verir. Qadınların qarşılaşdığı maneələrin aradan qaldırılması bu sahədə real nəticələrin əldə olunmasına imkan yaradacaq", – deyə FAO rəsmisi vurğulayıb.