IMG-LOGO

ADB direktoru: "Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər"

05 May 2026 09:24 5 baxış
IMG

Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətlərinin dəstəyi ilə həyata keçirilən "Trans-Xəzər yaşıl enerji dəhlizi" "Pan-Asiya enerji sistemi" (PAGI) təşəbbüsü çərçivəsində potensial layihədir.

"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) energetika direktoru Keydzu Mitsuhasi ADB Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində "Pan-Asiya enerji sistemi" təşəbbüsü üzrə keçirilən mətbuat konfransındab bildirib.

"Hazırda ADB və Asiya İnfrastruktur İnvestisiya Bankı texniki-iqtisadi əsaslandırmanın aparılmasını, infrastrukturun planlaşdırılmasını və maliyyələşdirilməsini dəstəkləyir. Bundan əlavə, ADB ölkənin "yaşıl enerji"yə keçidini sürətləndirməyə kömək etmək üçün Özbəkistanda enerji sektorundakı islahatları dəstəkləyib. ADB həmçinin "Vahid ADB" proqramı çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistana kompleks dəstək göstərir. Belə ki, bəli, enerji kabeli layihəsi PAGI təşəbbüsünün potensial layihəsi kimi nəzərdən keçirilir", - K. Mitsuhasi bildirib.

Xatırladaq ki, PAGI təşəbbüsü milli və subregional enerji şəbəkələrinin birləşdirilməsini nəzərdə tutur ki, bu da bərpa olunan enerjinin ölkələr arasında səmərəli şəkildə yenidən bölüşdürülməsinə imkan verəcək.

PAGI çərçivəsində transsərhəd enerji infrastrukturunun inkişafı üçün 2035-ci ilə qədər 50 milyard ABŞ dolları vəsait səfərbər edilməsi planlaşdırılır. Söhbət elektrik verilişi xətlərinin, yarımstansiyaların, enerji toplama sistemlərinin tikintisindən, eləcə də şəbəkələrin rəqəmsallaşdırılmasından gedir. Bundan əlavə, təşəbbüs "yaşıl enerji" ixracı, regional enerji hablarının, hibrid generasiya və saxlama obyektlərinin yaradılması daxil olmaqla generasiya layihələrini əhatə edir.

Xəbər lenti