IMG-LOGO

Avroparlamentin qətnaməsi Cənubi Qafqazda sülh prosesinə zərbə məqsədi daşıyır - RƏY

04 May 2026 18:22 4 baxış
IMG

Avropa Parlamentinin 2026-cı il aprelin 30-da qəbul etdiyi qətnamə Azərbaycana qarşı qərəzli, reallığı əks etdirməyən, regional sülh prosesinə zərbə vurmaq məqsədi güdür və hansı maraqların əsasında hazırlandığı sənədin adında özünü aydın şəkildə nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Avropa Parlamentinin "Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi" adlı sözügedən qətnaməsi açıq-aşkar İrəvana dəstəyin ifadəsi, Azərbaycana qarşı əsassız ittiham və böhtanların məcmusudur:

"Belə sənədlərin qəbulunda Avropa Parlamentinin məqsədi və məramı özlüyündə aydındır. Qurumun Azərbaycana qarşı lobbi qruplarının və müxtəlif dairələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Ölkəmizə qarşı bu qərəzli qətnamə Avropa Parlamenti tərəfindən qəbul edilən ilk sənəd deyil.

Qətnamə müəllifləri Cənubi Qafqazda yaranmış yeni reallıqları görməzdən gələrək erməni lobbisinin maraqlarını əsas götürüblər. Mayın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi onun diqqətinə çatdırılıb və qurum tərəfindən aprelin 30-da qəbul edilmiş qətnamədə ölkəmizlə bağlı əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim olunub. Qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Aİ arasında münasibətlərin perspektivlərinə zərbə vurduğu xüsusi qeyd olunub".

Deputat vurğulayıb ki, qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır və bu kimi çağırışlar Azərbaycanın daxili işlərinə müdaxilədən başaq bir şey deyil:

"Avropa Parlamenti regionun reallıqlarını bildiyi halda maraqlarına uyğun olaraq Azərbaycana qarşı törədilən təcavüz və vandalizm aktlarını görmək istəmir, ya da onları dərindən öyrənmədən, birtərəfli, yalan və absurd məlumatlara əsaslanaraq qərarlar qəbul edir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır. Belə olan təqdirdə inamdan, qarşılıqlı etimaddan danışmaq mümkün deyil. Bu qərəzli yanaşma Azərbaycan-Aİ münasibətlərinə də təsir göstərməyə bilməz. Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyunciç XİN-ə çağırılarkən bu məsələ xüsusi diqqətə çatdırılıb. Azərbaycan-Aİ münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırılıb".

V. Rəhimzadə bildirib ki, Azərbaycan hər zaman əməkdaşlıq, sülh, təhlükəsizlik tərəfdarı olub. Hazırda ölkəmiz təkmil sülh və enerji təcrübəsi ilə dünyanın diqqətindədir:

"İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edən Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Bunun üçün Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu, eləcə də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanmasını xatırlatmaq kifayətdir.

Bu baxımdan Avropa Parlamenti daha məsuliyyətli, ədalətli mövqe tutmalı, hazırda yeni mərhələyə daxil olan münasibətlərə xələl gətirəcək addımlar atmamalıdır. Avropada ksenofobiya, islamofobiya, irqçilik və bu kimi bir çox meyillərin geniş yayıldığı bir vaxtda Avropa Parlamentinin bu mənfi meyillərlə mübarizə aparmaq əvəzinə obyektivlikdən uzaq, qərəzli qətnamələr qəbul etməsi qurumun nə qədər acınacaqlı vəziyyətə düşdüyünün göstəricisidir. Anti-Azərbaycan xarakterli bu qətnamənin real faktlara deyil, ölkəmizin əleyhinə olan qüvvələrin qərəzli maraqlarından qaynaqlanan təxribat və qarayaxma ssenarisi əsasında korrupsionerlər tərfindən hazırlandığı birmənalıdır".

Xəbər lenti