Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib.
Onun sözlərinə görə, yaxşı tarazlıq sağlam və müstəqil yaşlanmanın vacib şərtlərindən biridir. Mütəxəssis hesab edir ki, dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq eyni zamanda tarazlığı məşq etdirməyin ən sadə üsullarından biridir.
Bu vəziyyətdə dayanmaq ayağın və topuq nahiyəsinin kiçik əzələlərinin möhkəmlənməsinə kömək edir. Həmçinin sinir-əzələ nəzarəti və bədənin fəzadakı mövqeyini hiss etmə qabiliyyəti – propriosepsiya məşq etdirilir.
Vittsteynin sözlərinə görə, yaxşı tarazlıq sümük sağlamlığı və yaşlanma prosesində mühüm rol oynayır.
2022-ci ildə aparılan araşdırmada 51-75 yaşlı insanlar arasında bir ayaq üstə 10 saniyə dayana bilməmək sonrakı 10 il ərzində daha yüksək ölüm riski ilə əlaqələndirilib. Bu nəticə tarazlıq qabiliyyətinin ümumi sağlamlıq göstəricilərindən biri ola biləcəyini göstərir.
Mütəxəssis məşqə başlamazdan əvvəl hər iki ayaq üzərində ayrı-ayrılıqda nə qədər rahat dayana bildiyinizi yoxlamağı tövsiyə edir.
Daha sonra bunu dişlərinizi təmizləyərkən sınaqdan keçirə bilərsiniz. Məsələn, əvvəlcə bir ayaq üzərində 15 saniyə, daha sonra digər ayaq üzərində 15 saniyə dayanmaq olar.
Tarazlıq yaxşılaşdıqca məşqi çətinləşdirmək mümkündür. Bunun üçün gözləri yummaq, yumşaq səth üzərində dayanmaq və ya bir ayaq üzərində yüngül çömbəlmə hərəkətləri etmək olar.
Bununla belə, tarazlıq problemi olan, tez-tez başgicəllənmə yaşayan və ya yıxılma riski yüksək olan şəxslərin belə məşqləri dayaq nöqtəsinin yanında və ehtiyatla etməsi daha məqsədəuyğundur.
diş sağlıq diş fırçalamaqMənbə: lent.az