IMG-LOGO

Avropanın selektiv ədalətinə qarşı Bakı sərt və birmənalı mövqe ortaya qoydu - RƏY

04 May 2026 17:47 3 baxış
IMG

Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı açıq şəkildə göstərir ki, Azərbaycan Avropa Parlamenti və AŞPA kimi qurumların uzun müddətdir, davam edən qərəzli yanaşmalarına qarşı haqlı olaraq daha sərt və adekvat prinsipial siyasi mövqe sərgiləyir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, bu mövqe dövlət maraqları baxımından tam doğru, düzgün və əsaslıdır:

"İllərdir, həmin institutlar özlərini "dəyərlər müdafiəçisi" kimi təqdim etsələr də, reallıqda onlar siyasi sifarişlə hərəkət edən, regiondakı proseslərə obyektiv deyil, öz maraqları prizmasından yanaşan platformalara çevriliblər. Avropa Parlamentinin qəbul etdiyi qətnamələrə və AŞPA-nın fəaliyyətinə baxanda açıq görünür ki, burada söhbət hüquqdan yox, siyasi təzyiq alətindən gedir. Qarabağ məsələsində uzun illər işğala göz yuman, beynəlxalq hüququn açıq şəkildə pozulmasına adekvat reaksiya verməyən bu qurumların bu gün Azərbaycana "demokratiya dərsi" keçməyə can atması nə dəyərlərdir, nə də prinsipiallıq, bu, açıq ikili standartlar nümayişi və siyasi riyakarlıqdır".

Deputat qeyd edib ki, Prezidentin çıxışı məhz bu riyakarlığa verilmiş cavabdır və burada emosiyadan çox, siyasi realizm var:

"Dövlət maraqları tələb edir ki, Azərbaycan öz suverenliyinə yönələn istənilən təzyiqə qarşı aydın və sərt mövqe ortaya qoysun. Eyni zamanda, bu çıxış Avropaya verilən açıq mesajdır. Azərbaycan heç vaxt obyektivlikdən uzaq olan, ikili standartlara söykənən bu cür qərəzli, birtərəfli ittihamları qəbul etməyib və etməyəcək də. Enerji təhlükəsizliyində mühüm rol oynayan, regionda yeni reallıqlar yaradan bir dövlət kimi Azərbaycan öz maraqlarını müdafiə etmək üçün kifayət qədər siyasi çəkiyə sahib olduğunu açıq şəkildə nümayiş etdirir. Bu, təkcə ritorika deyil, geosiyasi mövqenin ifadəsidir".

V.Qafarov onu da vurğulayıb ki, Avropa institutları ilə münasibətlər yalnız qarşılıqlı hörmət, bərabərlilik və obyektiv yanaşma üzərində qurulmalıdır:

"Heç bir halda bu məsələni sadələşdirib yalnız emosional müstəviyə salmaq doğru olmaz. Reallıq budur ki, Avropa institutları ilə münasibətlər tam qırılacaq səviyyədə deyil və olmamalıdır da. Bu münasibətlər yalnız qarşılıqlı hörmət, bərabərlilik və obyektiv yanaşma üzərində qurulmalıdır. Əks halda, Azərbaycan üçün alternativ tərəfdaşlıqların genişləndirilməsi daha məntiqli və zəruri xəttə çevrilir. Ümumilikdə, Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısındakı tənqidi çıxışı təsadüfi siyasi jest deyil, dövlət maraqlarının müdafiəsinə yönəlmiş strateji siqnaldır. Bu siqnalın mahiyyəti isə budur ki, Azərbaycan ikili standartlarla çıxış edən Avropa institutlarına heç bir zaman boyun əyməyəcək və öz doğru, düzgün, ədalətli mövqeyini açıq, sərt və birmənalı şəkildə ifadə edəcək".

Xəbər lenti