IMG-LOGO

FT: ABŞ "Tomahawk" raketlərini Almaniyada yerləşdirməkdən imtina edə bilər

03 May 2026 17:33 3 baxış
IMG

Vaşinqton administrasiyası Almaniyada uzaqmənzilli zərbə vasitələrinin, o cümlədən "Tomahawk" raketləri olan taborun yerləşdirilməsi ilə bağlı qərarı ləğv etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Pentaqondakı mənbəyə istinadən yazıb.

Berlinin "Edina" analitik mərkəzinin direktoru Kristian Möllinq raketlərin yerləşdirilməsindən mümkün imtinanı şərh edərək, bu addımı Amerika hərbi kontingentinin ixtisarından daha ciddi problem adlandırıb. "Sonuncunu (hərbçilərin çıxarılmasını - red.) kompensasiya etmək olar, lakin uzaqmənzilli raketlərdə bizim geriliyimiz var", - ekspert nəşrə bildirib və qeyd edib ki, bu cür addımlar ABŞ-nin NATO ölkələrini müdafiə etmək hazırlığını şübhə altına alır.

Xatırladaq ki, ABŞ və Almaniya "Tomahawk" və digər uzaqmənzilli zərbə vasitələrini 2025-ci ilin iyulunda yerləşdirmək planlarını elan edib. Bunun 2027-ci ilə qədər baş tutması planlaşdırılırdı. Raketlərin yerləşdirilməsi ilə bağlı razılaşma Donald Trampın sələfi Co Baydenin administrasiyası dövründə əldə olunub.

Daha əvvəl Tramp Amerika hərbçilərinin bir hissəsinin Almaniyadan çıxarılacağını elan edib. Bu, Almaniya Kansleri Fridrix Mertsin ABŞ-nin İrana qarşı hərbi kampaniyası haqqında tənqidi fikirlər səsləndirməsindən sonra baş verib. Bundan sonra Tramp Mertsi guya "İranın nüvə silahına malik olmasını məqbul hesab etməkdə" günahlandırıb.

Xəbər lenti