Azərbaycan rəhbərliyinin Qarabağ bölgəsində tarixi abidələrin bərpasına münasibəti səmimi hörmət doğurur.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Moldovanın Bakıdakı səfiri Aleksandr Esaulenko diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş ərazilərinə səfəri çərçivəsində jurnalistlərə bildirib.
"Azərbaycan bütün tarixi abidələri ən xırda detallarına qədər bərpa edir", - o vurğulayıb.
Səfir bildirib ki, Kişineu və Bakı mədəniyyət abidələrinin bərpası sahəsində əməkdaşlıq edə bilər.
"Mədəniyyət sahəsində əməkdaşlıq, o cümlədən mədəni mübadilə və abidələrin bərpası ikitərəfli münasibətlərin gələcək inkişafının əsas istiqamətlərindən birinə çevrilə bilər", - o bildirib.
Diplomat, həmçinin qeyd edib ki, azad edilmiş ərazilərdə minatəmizləmə çox zəhmət və diqqət tələb edən bir prosesdir:
"Bu, əlbəttə ki, çox zəhmət və diqqət tələb edən bir prosesdir, hələ də böyük bir ərazi minalarla çirklənmiş vəziyyətdə qalır. Lakin bu işin ardıcıl olaraq aparılması və bu regiona normal, sakit, dinc həyatın qayıtması üçün şəraitin yaradılması faktı heyranlıq doğurur".
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.