Braziliyanın şimal-şərqindəki Pernambuku ştatında güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı dörd nəfər ölüb, onlarla insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.
Ən çətin vəziyyət bölgənin paytaxtı Resifa şəhəri və onun ətraf ərazilərində yaranıb.
Güclü yağışlar dağlıq ərazilərdə torpaq sürüşmələrinə, yaşayış binalarının uçmasına və magistral yolların su altında qalmasına səbəb olub. İndiyə qədər dörd ölüm hadisəsi qeydə alınıb, yaralıların dəqiq sayı müəyyənləşdirilir.
Telekanalın məlumatına görə, yerli xəstəxanalar gücləndirilmiş iş rejimində işləyir və müxtəlif dərəcəli xəsarət alanlara yardım göstərir. Ən çox zərər çəkmiş ərazilərdə yanğınsöndürmə bölmələri və mülki müdafiə xidmətləri də daxil olmaqla axtarış-xilasetmə əməliyyatları davam edir. Xilasedicilər həmçinin yüksək riskli ərazilərdən sakinləri təxliyə edirlər.