Luis Moreno Okamponun ətrafında ona tabe olan nə qədər şəxslər varsa, hamısı korrupsiya sxeminin tərkib hissəsidir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, bir neçə gün öncə yayılan videoda o öz oğlu ilə söhbətində açıq-aşkar şəkildə öz korrupsioner şəbəkəsinin olduğunu etiraf edir və Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Cozef Borrelin vasitəsilə Avropada səs-küy sala biləcəyini, Avropa təsisatlarında iş quracağını bildirib. Bu, Okamponun rüşvətxor, korrupsiya şəbəkəsinin görünən tərəfidir:
"O, Cozef Borrel kimi məşhur diplomatın adını çəkirsə, bu, onu göstərir ki, Okamponun ətrafında ona tabe olan nə qədər şəxslər var ki, onların hamısı korrupsiya sisteminin tərkib hissəsidir. Okampo haqqında danışanda onun ermənilərin əlaltısı olması, erməni lobbisinə işləməsi bilinən həqiqətdir".
Deputat həmçinin vurğulayıb ki, Okamponu dəstəkləməyə çalışan ermənilər ona qarşı "qərəzli yanaşma"nın olduğunu iddia etsələr də, reallıq tamamilə başqadır:
"Məsələn, 2017-ci ildə Farnsada "Okamponun faylları" adı altında 11 ölkədən 20 jurnalistin birləşərək araşdırma apardığı və nəticədə Fransada "Media part" adlı qurumda Okamponu ifşa edən məlumatlar yayıldı. Məlum oldu ki, Okamponun rüşvətxor sxemi təkcə Avropa institutlarında deyil, Afrikada və Latın Amerikasında da işləyir. O, Latın Amerikasında vaxtilə yerli QHT-lər vasitəsilə pərdələnərək, insan hüquqları və demokratiya adı altında Azərbaycan əleyhinə fəaliyyəti yönəldib".
T.Gəncəliyev Okamponun vaxtilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tanınmış şəxslərdən rüşvət aldığını da qeyd edib:
"Jurnalistlərin araşdırmasından o da məlum olur ki, Okampo Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olduğu dövrdə Afrikada rüşvət almaqda adı keçən şəxsləri şantaj edərək onların barəsində cinayət işləri başladıb. Amma qaldırılan heç bir cinayət işi nə başa çatır, nə də qərar verilirdi. Bu kimi şantajlar uzun illər davam etdirilib və bu çərçivədə həmin adamlardan rüşvətlər alınıb. Məsələn, Kenyanın keçmiş prezidenti Oharranın barəsində cinayət işi açılmışdı, lakin sonra şantaj yolu ilə ondan da rüşvət aparmışdı. Bundan əlavə, eyni hal Fil Dişi Sahilində prezidentliyə namizəd olmuş Kotti Uarın da başına gətirilmişdi".

