Turizm analitikləri Avropada həm ucuz, həm də maraqlı istirahət vəd edən məkanlar kimi İraklion, Aberistvit və Neum şəhərlərini önə çıxarıblar.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, əvvəlcə nüfuzlu turizm platformalarının təqdim etdiyi geniş siyahı təhlil olunub, sonra həm təhlükəsizlik faktorları, həm də əvvəlki mənfi təcrübələrə əsasən bəzi istiqamətlər siyahıdan çıxarılıb. Nəticədə qiymət və keyfiyyət baxımından uyğun hesab edilən üç Avropa kurortu seçilib. Ekspertlər səfər planlaşdırmazdan əvvəl giriş qaydaları və məhdudiyyətləri yoxlamağı tövsiyə edir.
Siyahıda yer alan İraklion şəhəri Yunanıstanın ən çox ziyarət edilən çimərlik istiqamətlərindən biri hesab olunur və eyni zamanda münasib qiymətləri ilə seçilir. Krit adası üzərində yerləşən bu şəhər qədim tarix ilə təbii gözəlliyi birləşdirir.
Burada həm qədim abidələr, həm də Aralıq dənizi sahilində geniş və təmiz çimərliklər mövcuddur. Xüsusilə mavi bayraq statuslu Ammudara çimərlikləri təmizliyi ilə seçilir. Qiymətlərə gəlincə, 5 ulduzlu otel təxminən 99 dollar, aeroportdan taksi 17 dollar, qəhvə 3,5 dollar, street food 5 dollar, Knossos sarayı ekskursiyası 34 dollar təşkil edir, çimərliklər isə pulsuzdur. Ümumilikdə Yunanıstan turistlər üçün təhlükəsiz hesab olunur.
İkinci istiqamət kimi göstərilən Aberistvit şəhəri Uelsin qərb sahilində yerləşir və çox vaxt turistlərin diqqətindən kənarda qalır. Buna baxmayaraq, region özünəməxsus mədəniyyəti və təmiz sahilləri ilə seçilir. Şəhərdə universitetin olması gənc və canlı mühit yaradır, bu isə ucuz kafe və barların çoxluğu ilə nəticələnir.
Burada otel qiymətləri təxminən 155 dollar, qəhvə 3 dollar, pivə 4,5 dollar, Londondan qatar bileti isə 95 dollar civarındadır. Qala ziyarəti və Ceredigion Coast Path boyunca yürüşlər isə pulsuzdur. Böyük Britaniya ümumilikdə təhlükəsiz ölkə hesab edilir.
Siyahıya başçılıq edən Neum isə Bosniya və Herseqovinanın yeganə dəniz kurortudur. Cəmi 20 kilometrlik sahil xəttinə malik olsa da, bu ərazi sakitliyi və gözəlliyi ilə seçilir. Dubrovnik şəhərindən təxminən bir saatlıq məsafədə yerləşən Neum daha az turistlə daha rahat istirahət imkanı təqdim edir.
Burada 4 ulduzlu otel 70 dollar, qəhvə və pivə təxminən 2 dollar, iki nəfərlik şam yeməyi 30 dollar, ictimai nəqliyyat isə 1,8 dollar təşkil edir.
Bələdiyyə çimərlikləri pulsuzdur, lakin bəzi otellərin özəl sahələri də mövcuddur. Ölkə ümumilikdə təhlükəsiz hesab olunsa da, Sarayevo şəhərinin bəzi hissələrində ehtiyatlı olmaq tövsiyə edilir.
Avropa çimərlikləri