IMG-LOGO

Kaçka: Ukrayna Aİ-yə daxil olmaq üzrə danışıqları 18 aya başa çatdırmağa hazırdır

01 May 2026 13:30 6 baxış
IMG

Ukrayna növbəti 12-18 ay ərzində Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqların əksər fəsillərini bağlamağa və artıq 2027-ci ildə üzvlük haqqında müqavilənin imzalanmasına başlamağa qadirdir.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Avropa və Avro-Atlantik inteqrasiyası məsələləri üzrə baş nazirin müavini Taras Kaçka Ali Radada "Hökumətə suallar saatı" zamanı bildirib.

Kaçka xatırladıb ki, Aİ danışıqlar klasterlərinin açılması üçün tələbləri (bençmarkları) Ukrayna tərəfinə əvvəlcədən təqdim edib.

"Ümumilikdə bizdə Aİ-nin 145 tələbi var. Onların əksəriyyəti Ukrayna qanunvericiliyinin ittifaqın standartlarına uyğunlaşdırılmasına, eləcə də institutların gündəlik iş praktikasına aiddir. Bütün bu tələblər realdır. Növbəti 12-18 ay ərzində danışıqlar fəsillərinin əksəriyyətini bağlamaq və növbəti il Aİ-yə daxil olmaq haqqında müqavilənin imzalanmasına nail olmaq olar", – Kaçka deyib.

O əlavə edib ki, mart ayında Ukrayna bütün fəsillər üzrə texniki danışıqların uğurla başa çatdırılması üçün şərtlərin ikinci hissəsini alıb. Hazırda Avropa Komissiyası ilə texniki işlər bütün altı klaster üzrə aparılır.

Kaçka vurğulayıb ki, daxil olmaq haqqında müqavilə imzalandıqdan sonra sənəd Aİ-yə üzv dövlətlərin və Ukraynanın parlamentlərində ratifikasiya olunmalıdır, bu isə bir neçə il vaxt aparacaq.

Xəbər lenti