"BP-Azerbaijan" şirkəti 2026-ci ilin yanvar-mart aylarında "Şahdəniz" yatağından 7 milyard kubmetr qaz hasil edib.
"Report" şirkətin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynidir.
Hesabat dövründə yataqdan 1 milyon tona yaxın kondensat hasil edilib ki, bu da 2025-ci ilin yanvar-mart aylarının göstəricisi ilə uyğunluq təşkil edir.
"Hazırda yatağın hasilat gücü sutkada təxminən 74,2 milyon kubmetr və yaxud ildə 27,1 milyard kubmetrə qədərdir", - məlumatda qeyd olunub.
2026-cı ilin birinci rübündə "Şahdəniz" konsorsiumunun yatağın işlənməsi çərçivəsində xərcləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 19,4 % artaraq 1 milyard 121 milyon ABŞ dollarına çatıb. İstismar xərcləri təxminən 726 milyon ABŞ dolları (artım 8,1 %), əsaslı xərclər isə 336 milyon ABŞ dolları (artım 57,7 %) təşkil edib. Xərclərin əsas hissəsi "Şahdəniz 2" çərçivəsində görülən işlərin payına düşüb.
Şirkətdən verilən məlumata görə, ümumilikdə "Şahdəniz 2" çərçivəsində 23 quyu qazılıb. Bunlara yatağın şimal cinahında 5, qərb cinahında 5, cənub-şərq cinahında 4, cənub-qərb cinahında 5 və şimal-şərq cinahında 4 quyu daxildir.