IMG-LOGO

ABŞ Nümayəndələr Palatası DTN-nin maliyyələşdirilməsi haqqında qanunu təsdiqləyib

01 May 2026 01:51 4 baxış
IMG

ABŞ Konqresinin Nümayəndələr Palatası Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) fəaliyyətinin qismən dayandırılmasına son qoymağa yönəlmiş və daha əvvəl Senat tərəfindən təsdiqlənmiş maliyyələşdirmə haqqında qanun layihəsini dəstəkləyib.

"Report" "The Hill"ə istinadən xəbər verir ki, sənəd sentyabrın 30-da başa çatan cari maliyyə ilinin sonunadək DTN-nin əksər strukturlarının maliyyələşdirilməsini nəzərdə tutur.

Respublikaçılar demokratların Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin və Sərhəd Xidmətinin maliyyələşdirilməsinin ondan çıxarılması tələbi ilə razılaşdıqdan sonra qanun layihəsi yekdilliklə qəbul edilib.

Sənəd imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa göndərilib. "Reuters"in məlumatına görə, onun qanunu yaxın vaxtlarda imzalayacağı gözlənilir.

Miqrasiya və Gömrük Nəzarəti Xidməti və Sərhəd Xidmətinin maliyyələşdirilməsi məsələsinə Konqres tərəfindən ayrıca baxılacaq.

Xəbər lenti