Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin “Milli Onkologiya Mərkəzi”nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 38 yaşlı Əliyev Mübariz Sahib oğlunun qanunsuz əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni müalicə müəssisəsinin Radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akif oğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, ağır yaralanan Asif Nəsirovun müalicəsi isə xəstəxanada davam etdirilir.
Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə, digər zəruri prosessual hərəkətlər icra olunub.
Fakt üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
***
16:04
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.
Lent.az həmin fotonu təqdim edir:
*** 15:40
Milli Onkologiya Mərkəzində partlayış olub.
Lent.az xəbər verir ki, partlayış otaqların birində baş verib.
Bildirilib ki, xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Hadisələr Milli Onkologiya Mərkəzi