IMG-LOGO

Ucuz "makler" evləri - Çıxarışsız satılır, istənilən vaxt sökülür

30 Apr 2026 15:33 3 baxış
IMG
4 0

Bakı və Abşeronun bəzi ərazilərində tikilən, daha ucuz qiymətə təklif olunan həyət evləri ilə bağlı sosial şəbəkələrdə çoxlu elanlarla rastlaşırıq.Adətən onlar  “makler” evləri  kimi tanınır. Soruşduqda isə çıxarışı olmadığı üçün belə qiymətə təklif olunduğunu söyləyir.

Bəs görəsən, çıxarışsız ev almağın hansı riskləri var? Ümumiyyətlə, çıxarış necə alınır? Onu almağın hansısa çətinliyi var?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, çıxarışsız evlər istənilən vaxt sökülə və təbii fəlakət zamanı kompensasiyadan məhrum ola bilərlər:

“Çıxarışsız ev almaq əslində mümkün deyil. Çünki alqı-satqı Azərbaycan Respublikasının qanunvericiliyə görə natorial qaydada təsdiqlənməlidir. Daşınmaz Əmlakın Kadastrı və Reyestrindən çıxarış verilməyibsə, rəsmi qaydada həmin obyektin alqı-satqısını həyata keçirmək mümkün deyil. Çıxarışsız evin satılmağı yalnız müqavilə, bir addan digərinə keçirmə və ya etibarnamə ilə mümkündür. Bu halda isə obyektin mülkiyyət hüquqları tanınmır.

Gələcəkdə həmin ərazidə hər hansısa təbii fəlakət olarsa, söküntü işləri aparılarsa, onların kompensasiya alması sual altındadır. Qanunvericiliyə görə hüquqi müəyyənedici sənədi olmayan evlər kompensasiya ala bilmirlər. Düzdür, o şəxslər dövlət tərəfindən yardım edilir, alternativ yollar təklif olunur, ancaq qanunla mülkün öz dəyərini əldə edə bilmirlər.

Digər tərəfdən çıxarışsız evlər banka girov kimi təqdim edilə və  ipoteka predmeti ola bilməz. Bununla yanaşı çxarışsız evlər heç vaxt sığortalanmır. Hansısa problemlə üzləşdikdə müvafiq sığorta şirkəti onlara dəymiş ziyanı ödəmir. Bunlarla yanaşı həmin evlər istənilən vaxt sökülə bilər, çünki qanunsuz tikili hesab olunurlar.

Çıxarışsız evlər adətən kanalizasiya kollektorlarının üzərində, strateji dövlət obyektinin yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin əhatəsində tikilmiş ola bilir. Həmin evi alan şəxslər çox böyük problemlərlə üzləşə bilirlər. Çıxarışsız evlərə sonradan daha çox insan iddia qaldıra, məhkəmə predmeti ola bilər. Bu baxımdan vətəndaşlara çıxarışsız ev almaq qətiyyən tövsiyə olunmur”.

V.Oruc çıxarış almaq üçün tələb olunan sənədlərdən bəhs edir:

Əgər ev yeni tikilidirsə, ya maliyyə sənədi və Mənzil-tikinti kooperativi (MTK) ilə müqavilə ASAN Xidmətə  ya da mavafiq daşınmaz əmlak xidmətlərinin regional idarələrindən birinə təqdim edilir. Araşdırmalardan sonra əgər çıxarış almağa hər hansısa maneə yoxdursa, vətəndaşa mülkiyyət hüququ verilir.

Çıxarışı olan evi alanda isə alqı-satqı müqaviləsi, köhnə çıxarış və alan şəxsin şəxsiyyət vəsiqəsi ilə birgə notariusa təqdim edilir və alqı-satqı faktı gerçəkləşdirilir.

Binadakı mənzilə çıxarış almaq üçün mütləq binanın təhvil-təslim aktı olmalıdır. Əgər fərdi yaşayış evidirsə, bu zaman ərazidə məhdudiyyət olmamalı, qanuni tikili olmalıdır. Bundan sonra qanuna uyğun olaraq çıxarış təqdim edilir.

Çıxarış almağın müəyyən çətinlikləri var. Bunun birinci səbəbi odur ki, ölkəmizdə, xüsusən Bakı şəhərində əmlak reyestri tam formalaşmayıb, torpaq sahələrinin sərhədləri dəqiq müəyyənnləşməyib. Ona görə də bir çox hallarda mövcud sənədlər bazada olan məlumatlarla eynilik təşkil etmir. Bu da ciddi problemlərin yaranmasına səbəb olur.

Çıxarışsız evlər adətən ucuz olur. Müəyyən sosial təbəqələr həmin evlər ucuz olduğuna, bahalı villalar, sənədli, çıxarışlı fərdi yaşayış evləri ala bilmədiklərinə görə bu yolu seçirlər. Amma bu çox risklidir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən çıxarış verilən torpaq, mənzil və fərdi yaşayış evlərinə üstünlük vermək lazımdır”.

Çıxarışsız evlər qanunsuz tikililər Makler evləri ucuz həyət evləri Bakıda evlər Bakıda ev satışı

Xəbər lenti