IMG-LOGO

CENTCOM: Limanların blokadasına başlayandan ABŞ 40-dan çox İran gəmisini ələ keçirib

30 Apr 2026 04:52 2 baxış
IMG

ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının blokadası başlayandan bəri göyərtəsində ümumilikdə 69 milyon barel neft olan İranla əlaqəli 41 tanker ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.

Admiralın sözləri CENTCOM-un "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.

"Hazırda İran hakimiyyəti 41 tankerdə daşınan 69 milyon barel nefti reallaşdırmaq imkanından məhrum edilib. Söhbət 6 milyard dollardan artıq məbləğdən gedir ki, İran rəhbərliyi ondan öz maliyyə maraqları üçün istifadə edə bilməyəcək", - o vurğulayıb.

Onun sözlərinə görə, "blokada çox effektivdir", ABŞ silahlı qüvvələri isə ona tam riayət olunmasını təmin etməyə "qəti sadiqliyini" qoruyub saxlayır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Xəbər lenti