Almaniyanın "Bavariya" klubunun fransalı futbolçusu Maykl Olise Fransa komandalarına qarşı UEFA Çempionlar Liqası və Çempionlar Kubokunun yarımfinallarında qol vuran üç həmyerlisinin sırasına qoşulub.
"Report" xəbər verir ki, 24 yaşlı vinger buna Fransanın PSJ klubuna uduzduqları (4:5) ilk matçda fərqlənməklə nail olub.
Daha əvvəl üç fransalı oyunçu qitənin bir nömrəli klub turnirində bu raundda öz ölkələrinin komandalarına qol vura bilib.
1985-ci ildə "Yuventus"un heyətində Mişel Platini "Bordo"nun, 1994-cü ildə "Milan"da çıxış edən Marsel Desayi "Monako"nun, 1998-ci ildə "Yuventus"da oynayan Zinəddin Zidan "Monako"nun qapısına yol tapıb.
Xatırladaq ki, "Bavariya" və PSJ komandaları arasında cavab görüşü mayın 6-da keçiriləcək.