IMG-LOGO

Andrey Nikitin: "Rusiya Azərbaycanla birbaşa logistika xidmətlərinin yaradılmasını müzakirə edir"

29 Apr 2026 10:34 2 baxış
IMG

Rusiya "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün Azərbaycan və İranla birbaşa logistika xidmətlərinin yaradılması istiqamətində işlər aparır.

"Report" xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin "İzvestiya" nəşrinə müsahibəsində bildirib.

"Birbaşa logistika xidmətlərinin yaradılması, həmçinin Azərbaycan və İran ilə həm ikitərəfli, həm də üçtərəfli formatda razılaşmaların əldə edilməsi istiqamətində işlər aparılır", - nazir deyib.

Onun sözlərinə görə, Rusiya "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün Əfqanıstan, Hindistan, Qətər, Keniya, BƏƏ, Oman, Pakistan və Səudiyyə Ərəbistanı ilə nəqliyyat və tranzit sahəsində anlaşma memorandumlarının imzalanması ilə bağlı danışıqlar aparır.

A.Nikitin qeyd edib ki, belə sənədlərin imzalanması gələcəkdə marşrutla yükdaşımaların sadələşdirilməsinə, daşıma xərclərinin azaldılmasına və çatdırılma müddətinin qısaldılmasına imkan verəcək.

Bundan başqa, tədarük həcmlərinin artırılması üçün yük axınlarının "Şimal – Cənub" dəhlizinin qərb qolu ilə avtomobil nəqliyyatından dəmir yolu qatarlarına yönləndirilməsi planlaşdırılır.

"Avtomobil buraxılış məntəqələrindəki sıxlığın azaldılması, yük axınının bir hissəsinin dəmir yolu nəqliyyatına yönləndirilməsi, infrastruktur layihələrinin birgə həyata keçirilməsi, gömrük nəzarətinin sürətləndirilməsi və prosedurların optimallaşdırılması - xüsusilə "yaşıl dəhliz" və "sadələşdirilmiş gömrük dəhlizi" layihələri ilə bağlı məsələlər nəzərdən keçirilir", - rusiyalı nazir vurğulayıb.

Nazir qeyd edib ki, Süveyş kanalı ilə müqayisədə "Şimal-Cənub" dəhlizi ilə daşımaların müddəti təxminən 2 dəfə azalaraq 35–45 gündən 15–20 günə enir.

Bununla yanaşı, o əlavə edib ki, 2025-ci ildə bu nəqliyyat dəhlizi ilə təxminən 21,5 milyon ton yük daşınıb, beş il ərzində artım isə 39 %-ə çatıb.

Xəbər lenti