Almaniya Kansleri Fridrix Merts hesab edir ki, ABŞ-nin indiki taktikası ona İranla danışıqlarda uğur gətirmir.
"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, Merts Vaşinqtonun aydın strategiyasının olmasına şübhə ilə yanaşıb.
"İranlılar gözlənildiyindən daha güclüdürlər, amerikalıların isə danışıqlarda inandırıcı strategiyası yoxdur", - Merts Marsberqdə yerləşən məktəbi ziyarət edərkən deyib.
O əlavə edib ki, bu cür münaqişələrdə əsas problem onlara başlamaq deyil, həm də onlardan çıxış yolu tapmaqdadır. O, ABŞ-nin Əfqanıstanda və İraqda uzun müddət apardığı kampaniyaları buna nümunə gətirib.
"Biz bunu 20 il ərzində Əfqanıstanda çox ağrılı şəkildə müşahidə etdik. Biz bunu İraqda da gördük", - o əlavə edib.
"İranlıların çox ustalıqla danışıqlar aparmasını və ya məharətlə yayınmasını nəzərə alsaq, amerikalıların hansı strateji çıxış yoluna üstünlük verəcəkləri mənim üçün hələlik qaranlıq qalır", - o vurğulayıb.
Kansler həmçinin İran rəhbərliyini tənqid edərək onun və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərinin bütöv bir milləti alçaltdığını bildirib.
Merts əlavə edib ki, Yaxın Şərqdə gərginlik Almaniya iqtisadiyyatına son dərəcə mənfi təsir göstərir: "Hazırda vəziyyət olduqca dolaşıqdır və bu bizə olduqca baha başa gəlir. Bu münaqişə, İrana qarşı bu müharibə birbaşa iqtisadiyyatımıza təsir edir".
Onun sözlərinə görə, Almaniya qlobal neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazında gəmiçiliyin bərpasına yardım etmək üçün özünün minaaxtaran gəmilərini göndərməyi təklif etməyə davam edir. Lakin bunun üçün əsas şərt döyüş əməliyyatlarının dayandırılmasıdır.