Böyük futbol xırda detallardan ibarətdir.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko mətbuat konfransında bildirib.
Ukraynalı mütəxəssis səfərdə "Qəbələ" ilə heç-heçə etdikləri (1:1) Misli Premyer Liqasının XXIX turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bu gün oyunumuz alındı. Birinci hissədə matça nəzarət etdik. Rəqibin sürətli əks hücumlara çıxdığını bilirdik. Bu üstünlükləri qola çevirmək olur. Sən qol vurmursansa, qapında top görəcəksən. Bu da başımıza gəldi".
O, matçın sonunda fərqlənmək imkanlarının olduğunu da əlavə edib: "Amma alınmadı. Qalib gələ və ya uduza da bilərdik".
A.Demçenko komandanı özünün qurmadığını vurğulayıb: "Əlimizdə olan futbolçularla oynayırıq. Heyəti məndən əvvəlki mütəxəssis formalaşdırıb. Turnir cədvəli yaxşı pillədə olmadığımızı göstərir. Lakin hər oyun bizə müəyyən şans verir. Komanda yaxşı futbol sərgiləyəndə xallar qazanır".