"Gəncə"nin baş məşqçisi Halil Atlı komandasının Azərbaycan Basketbol Liqasının cari mövsümü ərzində sərgilədiyi oyundan və qazandığı nəticələrdən razı qalıb.
"Report" xəbər verir ki, bunu türkiyəli mütəxəssis yarımfinalda məğlub olduqları "Sabah"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Məşqçi, komandasının mübarizəsini yüksək qiymətləndirib:
"Basketbolçularıma mübarizəyə görə təşəkkür edirəm, yaxşı oynadılar. Oyunu qalib gələ biləcəyimiz nöqtələrə də gətirdik. Amma indi söyləmək istəmədiyim səbəblərdən dolayı nəticəni xeyrimizə dəyişə bilmədik. Ümumi mövsümə gəldikdə, basketbolçularımla qürur duyuram. Mövsüm öncəsi çox az müddətdə hazırlıq keçməyimizə baxmayaraq, hər zaman komandamızı inkişaf etdirməyə çalışdıq. Bunun nəticəsini də gördük. Azərbaycan Kubokunu ikinci dəfə qazandıq, çempionatda yarımfinala çıxdıq. Ona görə xoşbəxtəm. Amma komandanın əldə etdiyi uğurlar basketbol ictimaiyyətindən kifayət qədər diqqət görmədi, buna görə üzgünəm. Çempionatda yerli basketbolçulara ən çox oynamaq imkanı yaradan biz olduq. Azarkeşlərə minnətdaram, hər kəs haqqını halal etsin".
Qeyd edək ki, "Sabah" yarımfinalda "Gəncə"ni iki oyunun nəticəsinə görə (96:67, 78:73) məğlub edərək adını finala yazdırıb.