Azərbaycanın daha dörd sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.
"Report" xəbər verir ki, yarımfinalda Giorgi Meşvildişvili (125) türkiyəli Hakan Büyükçınqıla 3:1 hesabıyla qalib gəlib.
Ali Tsokayev (92 kq) isveçrəli Samuel Şerrerdən üstün olub - 6:0.
Arseniy Djioyev (86) latviyalı İvars Samusonoku tam üstünlüklə (12:2) yenərək qızıl medal uğrunda mübarizəyə qoşulub.
Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidzeni 2:1 məğlub edib.
Nürəddin Novruzov (61 kq) yarımfinalda albaniyalı dünya çempionu Zəlimxan Abakarova 3:14 hesabıyla məğlub olub. Güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Daha əvvəl isə Rəşid Babazadə (65 kq) və Cəbrayıl Hacıyev (79) bürünc medal görüşünə vəsiqə qazanıb.
Daha əvvəl İslam Bazarqanov (57 kq) da finala vəsiqə qazanmışdı.