İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada səfəri zamanı Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparıb, bu görüş zamanı tərəflər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Bu barədə "Report" İran Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
"Tərəflər iki ölkə arasındakı münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığı, eləcə də regional və beynəlxalq hadisələri müzakirə ediblər", - məlumatda bildirilib.
Pakistanın Baş naziri iki ölkə rəhbərliyinin ikitərəfli əlaqələri gücləndirməyə davam etmək əzmini vurğulayıb, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlarda koordinasiya və əməkdaşlığın inkişaf etdiriləcəyini bildirib. O, bu prosesin iki ölkənin maraqları naminə inkişaf edəcəyinə əminliyini ifadə edib.
İranın XİN rəhbəri qonşularla, xüsusən də Pakistanla münasibətlərin inkişafının prioritet olduğunu qeyd edərək bu ölkənin Tehranın xarici siyasətində mühüm yer tutduğunu və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Əraqçi, həmçinin müharibənin dayandırılmasına, atəşkəs rejiminə nail olunmasına yönəlmiş səylərinə və danışıqların təşkilinə göstərdiyi dəstəyə görə Pakistan rəhbərliyinə təşəkkür edib.
16:05
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan silahlı qüvvələrinin baş komandanı Asim Munirlə görüşü zamanı ABŞ və İsraillə müharibənin dayandırılması məsələsi üzrə Tehranın mövqeyini Pakistan tərəfinin diqqətinə çatdırıb.
Bu barədə "Report" "Mehr" agentliyinə istinadən xəbər verir.
"Görüş zamanı tərəflər atəşkəs, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başa çatması ilə bağlı son hadisələri, həmçinin regionda sülh və sabitliyin möhkəmləndirilməsi məsələləri üzrə əməkdaşlığı müzakirə ediblər", - məlumatda qeyd olunub.
Munir diplomatik prosesin irəliləməsində iştirak edən qonşu və müsəlman dövlət kimi İslamabada göstərdiyi etimada görə Tehrana təşəkkür edib. O, həmçinin konkret nəticələr əldə olunana qədər Pakistanın vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, Abbas Əraqçi bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirmək üçün aprelin 24-dən Pakistanda səfərdədir. Pakistanda İran və ABŞ-nin danışıqlar aparan nümayəndə heyətləri arasında görüş planlaşdırılmır.
Daha əvvəl "Axios" portalı aprelin 27-də İslamabadda İran və ABŞ arasında danışıqların növbəti raundunun keçiriləcəyi barədə məlumat yaymışdı. Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner İran tərəfi ilə danışıqlar aparmaq üçün şənbə günü İslamabada yollanacaqlar.
Pakistan Xarici İşlər Nazirliyinin (XİN) İranın XİN rəhbəri Abbas Əraqçinin bu ölkəyə səfəri ilə bağlı açıqladığı proqramda ABŞ tərəfi ilə danışıqlara dair bənd yoxdur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endirib. Əməliyyat Yaxın Şərqdə eskalasiyaya və bütün Fars körfəzi ölkələrinin münaqişəyə cəlb edilməsinə, eləcə də Hörmüz boğazının bloklanmasına səbəb olub.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəldilər və bu razılaşmanı daha sonra ABŞ lideri Donald Tramp qeyri-müəyyən müddətə uzatdı.
Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirildi. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılaşma əldə etmədən yekunlaşdırıblar.