Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində "Gəncə" ilə baş tutan oyunun çətinliyi "Sabah"ı ruhdan salmayıb.
"Report" xəbər verir ki, bunu baş məşqçi Rimas Kurtinaytis Bakı klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis, rəqib komandanın mübarizəsini yüksək qiymətləndirib:
"Qələbə qazandığımıza və final seriyasına yüksəldiyimizə görə şadam. "Gəncə" liqanın ən yaxşı təşkilatlanmış komandalarından biridir. Bu cür komandaya qarşı oynamaq asan deyil. Rəqibi mövsüm ərzində sərgilədiyi gözəl və layiqli mübarizəyə görə təbrik edirəm. Müntəzəm çempionatla pley-off mərhələsi fərqlidir. Bu mərhələdə şanslar bərabərdir. Bizim üçün çətin oyun olsa da, ruhdan düşmədik. Final seriyasındakı rəqibimizə gəlincə, güclü olan qalib gəlsin".
Qeyd edək ki, "Sabah" iki oyunun nəticəsinə görə (96:67, 78:73) qələbə qazanaraq adını finala yazdırıb.