IMG-LOGO

Azərbaycanın U-20 millisinin üzvü Toğrul Tapdıqlı: "Yaxşı komanda olacağımıza ümid edirəm"

25 Apr 2026 14:22 3 baxış
IMG

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yaxşı komanda olacaq.

"Report"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu yığmanın üzvü Toğrul Tapdıqlı jurnalistlərə açıqlamasında bildirib.

Təlim-məşq toplanışı barədə danışan hücumçu komandanın yeni yığıldığını söyləyib:

"Bu, bizim ilk toplanışımızdır. Hələlik bir az boşluqlar mövcuddur. Qarşıda vaxtımız da var. Bu boşluqları aradan qaldıracağımıza və yaxşı komanda olacağımıza ümid edirəm".

T.Tapdıqlı aprelin 13-dən hazırlıq prosesində olduqlarını xatırladıb:

"Sabah təlim-məşq toplanışı başa açır. 2027-ci ildəki dünya çempionatına hazırlaşmaq üçün buradayıq. Həmin yarışa Özbəkistanla birlikdə ev sahibliyi edəcəyik. Məşqlər çox yaxşı keçir. Peşəkar mütəxəssislərlə birlikdə işlədiyimiz hiss olunur. Yeni məşqçilər korpusuna uyğunlaşmaq çoz asandır. Bir-birimizi başa düşürük. Bizdən istədiklərini verməyə çalışırıq. Baş məşqçi daha çox oyuna nəzərət etməyimizi tələb edir. Həm də rahat oynamağımızı istəyir".

O, futbolçularda uyğunlaşma probleminin də olmadığını sözlərinə əlavə edib:

"Çempionatda bir yerdə oynayıyıq, bir-birimizi tanıyırıq. Müxtəlif milli komandalarda birlikdə olmuşuq. Bir-birimizə bələdik".

Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

Xəbər lenti