Kral III Çarlzın ABŞ-yə səfəri ərəfəsində Vaşinqton küçələrində Böyük Britaniya bayraqları əvəzinə səhvən Avstraliya bayraqları asılıb.
"Report" xəbər verir ki, bu barədə Kanadanın CBC telekanalı məlumat yayıb.
Bildirilib ki, kralın hərəkət marşrutu boyunca ümumilikdə 230-dan çox bayraq asılıb, onlardan azı 15-i səhvən Avstraliya bayraqları olub. Daha sonra onlar Böyük Britaniya bayraqları ilə əvəzlənib.
CBC xatırladıb ki, bu ölkələrin konstitusiyasına əsasən, III Çarlz həm də Kanada və Avstraliyanın monarxıdır.
III Çarlz aprelin 27-30-da ABŞ-yə dövlət səfəri edəcək. Onun Konqresdə çıxış edəcəyi və Ağ evdə Prezident Donald Trampla görüşəcəyi gözlənilir.
Daha əvvəl Britaniya mediası yazmışdı ki, III Çarlz qarşıdan gələn səfərdən London və Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması üçün istifadə etmək niyyətindədir. Münasibətlər Böyük Britaniyanın İranla müharibəyə qoşulmaq istəməməsi səbəbindən pisləşmişdi. Birləşmiş Krallığın mövqeyi NATO-dan çıxmaqla hədələyən Trampın tənqidinə səbəb olub. Britaniya mətbuatı qeyd edib ki, III Çarlz ABŞ lideri ilə görüşündə əsas diqqəti transatlantik birliyin qorunmasına yönəltməyə hazırlaşır.